Microsoft və BlackRock, MGX və Global Infrastructure Partners investisiya şirkətləri süni intellekt infrastrukturuna yatırmaq üçün 30 milyard dollar cəlb etməyi planlaşdırır. Bu vəsaitlər artan hesablama gücünə tələbatı ödəmək məqsədilə qabaqcıl məlumat mərkəzlərinin inkişafına yönəldiləcək.
Digər bir istiqamət isə həmin məlumat mərkəzlərini enerji ilə təmin edəcək energetika infrastrukturunun inkişafıdır. Bu haqda Global Artificial Intelligence Infrastructure Investment Partnership adını daşıyan tərəfdaşlıq ittifaqının bəyanatında deyilir.
Vəsaitlərin əsas hissəsi ABŞ-da yerləşən layihələrə yatırılacaq. Bu həllərə geniş tərəfdaş qrupu və şirkətlər çıxış əldə edəcək. Məlumat mərkəzlərinin layihələndirilməsi və idarə edilməsi sahəsində öz təcrübəsini Nvidia bölüşəcək.
Başlanğıcda məqsəd, investorlar, aktiv sahibləri və korporasiyalardan 30 milyard dollar özəl kapital toplamaqdır. Uzaq perspektivdə isə tərəflər 100 milyard dollara qədər vəsait cəlb etməyi, o cümlədən borc maliyyələşdirilməsi vasitəsilə əlavə investisiyalar əldə etməyi düşünürlər.
BlackRock dünyanın ən böyük investisiya şirkətlərindən biridir. 2024-cü ilin yanvarında o, Global Infrastructure Partners şirkətini 3 milyard dollar nağd pul və 12 milyon adi BlackRock aksiyası qarşılığında almaq planlarını elan etmişdi. Sazişin oktyabr ayında bağlanacağı gözlənilir.
MGX — süni intellekt, infrastruktur və onun üçün nəzərdə tutulmuş prosessorları dəstəkləyən fondur. O, 2024-cü ilin mart ayında Abu-Dabi hakimiyyəti tərəfindən yaradılıb. Təsisçi tərəfdaşlar dövlət fondları olan Mubadala Investment və süni intellekt firması G42-dir. MGX-ə BƏƏ-nin milli təhlükəsizlik müşaviri Tahnun bin Zaid Əl Nəhayan rəhbərlik edir. Məlumatlara görə, o, OpenAI ilə həm çip istehsalına, həm də startapın özünə investisiyalar etmək məsələsini müzakirə edib.
The Verge-in 2024-cü ilin mayında yayımladığı məlumata əsasən, Microsoft OpenAI-a ümumilikdə 13 milyard dollardan çox investisiya edib. O, həmçinin DeepMind və Inflection AI şirkətlərinin təsisçisi Mustafa Süleymanı öz süni intellekt departamentinin rəhbəri təyin edib.
Nvidia süni intellekt inkişaf dövründə əsas “faydalanıcı”lardan biri olaraq qalır və bu sahədəki mikroçiplər bazarının 70-95%-nə nəzarət edir. Onun məhsullarını Google, Microsoft, Amazon, OpenAI və Meta kimi şirkətlər alır.