Amazon, süni intellekt startapı Perplexity-dən onun Comet adlı İA-brauzerinə istifadəçilər adından alış-veriş etmə funksiyasını dayandırmağı tələb edib. Şirkət bu funksiyanın məxfilik qaydalarını pozduğunu və müştəri təcrübəsini pisləşdirdiyini iddia edir.
Perplexity isə bu addımı “təzyiq” və “rəqabəti boğma cəhdi” kimi qiymətləndirib.
Amazon-un iddiası: “Comet istifadəçi məlumatlarına icazəsiz çıxış edir”
Amazon Perplexity-yə qarşı məhkəmə tələbi təqdim edib və şirkəti “kompüter fırıldağı”nda ittiham edib. Bloombergin məlumatına görə, Amazon eyni zamanda rəsmi iddia ərizəsi də verib.
İT nəhənginin açıqlamasına əsasən, Perplexity Comet brauzerindəki süni intellekt agentlərinin istifadəçilər adından necə hərəkət etdiyini açıqlamayıb. Amazon bildirir ki, dəfələrlə şirkətə bu funksiyanı deaktiv etmək barədə müraciət göndərsə də, Perplexity buna əməl etməyib.
Amazon həmçinin bəyan edib ki, Perplexity-nin onun platformasına, istifadəçi hesablarına və ya məlumatlarına giriş icazəsi yoxdur.
Perplexity-dən cavab: “Amazon bazar gücündən istifadə edir”
Perplexity rəhbərliyi Amazon-u “aqressiv hüquqi təhdidlər” göstərməkdə və bazardakı dominant mövqeyindən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməkdə günahlandırıb.
Şirkət bildirir ki, Amazon bu addımı rəqib süni intellekt texnologiyalarını sıxışdırmaq üçün atır.
Reuters xatırladır ki, Amazon özü də alış-veriş prosesini asanlaşdırmaq məqsədilə IA agentləri və süni intellekt funksiyaları üzərində çalışır.
“Amazon müştəri məmnuniyyətini deyil, gəlir modelini qoruyur
Perplexity nümayəndələrinin bəyanatında deyilir:
“Amazon əslində sevinməlidir. Alış-veriş nə qədər asan olsa, bir o qədər çox əməliyyat və məmnun müştəri deməkdir. Amma Amazon üçün əsas məsələ bu deyil — o, daha çox reklamlar, sponsorlu nəticələr və əlavə satış imkanları ilə istifadəçi qərarlarına təsir etmək istəyir.”
Mənbələr: Bloomberg, Reuters



