Fevralın 2-də Azərbaycan-Fransız Universitetinin Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib. Tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən altı startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını jüri üzvlərinə, potensial investorlara və partnyorlara təqdim ediblər.
Demo Day sonunda Bron. və Eathanos startaplarının hər biri 5000 AZN mükafat əldə ediblər. Aşağıda bu layihələrin hər biri haqqında qısa məlumat paylaşırıq:
BRON.: startapı bərbərlər, salonlar, həmçinin spa mərkəzləri də daxil olmaqla bütün gözəllik professionalları üçün nəzərdə tutulmuş planlaşdırma və rezervasiya həllini təqdim edir. Bu platform gözəllik servislərinin rezervasiyası, onların idarə olunması və onlar üçün onlayn ödənişlərin baş tutmasını təmin edir. Gözəllik mərkəzləri, Bron Partner tətbiqi vasitəsilə Admin Panel-i idarə edə, və Bron tətbiqindən onların servisi üçün qeydiyyatdan keçən hər kəsi birbaşa cədvəllərində görə bilərlər. Bron müştərilərin artırılması məqsədilə gözəllik salonları ilə sosial media sessiyaları da həyata keçirir.
Eathanos: Eathanos tətbiqi balanslı qidalanma yolunda yemək məsləhətçinizdir. Eathanos; yerli qida məhsullarının tərkibi haqqında məlumat bazasının olması, vitamin və mineral ehtiyacınızı qarşılayacaq yeməklərin bişirildiyi iaşə obyektlərinin tapılması, və gündəlik vitamin və mineral çatışmamazlığının izlənilməsi kimi problemləri həll edir.
Connectify: Connectify, tədbir təşkilatçıları və sponsorlar arasında əlaqələri asanlıqla yaratmağa və sponsorların hədəf auditoriyalarına çatıb brendlərini tanıtmağa yardım edən platformadır. Tədbir təşkilatçıları əvvəlcə platformaya öz tədbirlərini əlavə edirlər. Tədbir ilkin yoxlanışdan keçdikdən sonra sponsorlara təqdim edilir. Sponsor öz maraqlarına uyğun tədbiri filtrləmə vasitəsi ilə tapıb tədbirin detallı məlumatları və sponsorluq paketləri ilə tanış ola bilir. Bu ağıllı həll tədbirlərin daha geniş miqyaslı keçirilməsinə və şirkətlərin məhsul və xidmətlərini nümayiş etdirməsinə kömək edir ki bu da öz növbəsində tədbir təşkilatçıları və sponsorlar üçün daha effektiv və məqsədəuyğun bir təcrübə təklif edir.
KingJob: işlərinizi daha asanlaşdırmaq və vaxtınıza qənaət etmək üçün sizə uyğun bir iş və işçi axtarış platformasıdır. King Job şirkətlər üçün təkmilləşdirilmiş idarə paneli təklif edir. Şirkətlər King Job-un veb saytında şirkət hesabı açaraq xidmətlərdən yararlana bilərlər.
Bonjur: Bəzən insanlar ətraflarında ortaq marağa sahib insanlar tapa bilmir, bəzən dostları ilə birlikdə çox istədiyi bir filmə getmək, oyun oynamaq, restoranda görüşmək, dərs oxumaq alınmır, bəzən yeni insanlarla tanış olmaq istəyir. Bu kimi problemlərin həllini Bonjur özündə birləşdirir. Məsələn voleybol oynamağa getmək istəyirsiniz, ama dostlarında alınmır. Bonjur tətbiqinə daxil olub, voleybol oynamaq istəyən insanlarla birlikdə görüşüb hər andan həzz ala bilərsiniz. Bonjur tətbiqinin əsas məqsədi məhz budur, sosiallaşaraq uzunmüddətli sağlam münasibət (dostluq, təhsil, ortaq maraq, yeni mədəniyyət öyrənmək üçün və s.) qurmaq.
BronKing: İdman meydançası rezervasiya proqramı. İndi siz asanlıqla və tez sevimli idman oyununuz üçün məkan sifariş edə bilərsiniz. Tətbiq sizə məkan, idman növü və vaxta görə məkan seçməyə imkan verir. Sadəcə olaraq, oyun meydançası sifariş etmək istədiyiniz tarixi, vaxtı və idman növünü seçin. Sizə ən uyğun olan oyun meydançasını seçin və bir neçə kliklə sifariş edin!