Kaspi, Hepsiburada şirkətində 4,17 milyard TL məbləğində kapital artımını tamamlayıb. Şirkət ilin əvvəlində 1,1 milyard ABŞ dolları həcmində investisiya yatıraraq Hepsiburada-nın əksər səhm payını satın almaqla Türkiyə bazarına daxil olmuşdu.
Hepsiburada-nın 17 noyabr 2025-ci il tarixində keçirilən Növbədənkənar Ümumi Yığıncağında qəbul edilən qərara əsasən, şirkətin ödənilmiş nizamnamə kapitalı artırılıb. Sözügedən əməliyyat Türkiyədə son illərdə həyata keçirilən ən iri kapital artımlarından biri kimi qeydə alınıb.
Kapital artımı nəticəsində cəlb olunan vəsaitlərin Hepsiburada-nın mövcud böyümə planları çərçivəsində istifadə ediləcəyi bildirilib. Bu çərçivədə platformada fəaliyyət göstərən KOB-lar və pərakəndə satıcılar üçün rəqəmsal alətlərin və xidmətlərin inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır.
Kaspi.kz-in qurucusu və baş icraçı direktoru (CEO), eyni zamanda Hepsiburada-nın İdarə Heyətinin sədri olan Mixail Lomtadze investisiyanın uzunmüddətli baxış əsasında həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Hepsiburada-nın rəqəmsal məhsul və xidmətlərə yanaşması Kaspi-nin fəaliyyət istiqamətləri ilə üst-üstə düşür.
Lomtadze həmçinin vurğulayıb ki, e-ticarət və rəqəmsal xidmətlərin davamlılığı birbaşa yerli bizneslərin platformalar üzərindən əldə etdiyi uğurdan asılıdır. O bildirib ki, Kaspi-nin əsas məqsədi Türkiyədə fəaliyyət göstərən KOB-ların rəqəmsal alətlərə, fintex həllərinə və nağdsız ödəniş sistemlərinə daha asan çıxışını təmin etməkdir.



