Özbəkistanda 2026-cı il aprelin 1-dən etibarən alkoqol, tütün məmulatları, avtomobil və mənzilləri nağd ödənişlə almaq qadağan ediləcək
Həmçinin dəyəri 25 milyon sumdan (2025-ci il 11 dekabr tarixinə görə təxminən 3 min AZN) yuxarı olan mallar da nağd şəkildə ödənilə bilməyəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə fərmanı 2025-ci il dekabrın 10-da imzalayıb. Qərar 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Sənədə əsasən, nağd pul ilə aşağıdakılar ödənilə bilməyəcək:
- alkoqol və tütün məhsulları,
- elektrik enerjisi, qaz və içməli su,
- yanacaqdoldurma məntəqələrində yanacaq və ya elektromobilin enerjiyə doldurulması,
- dövlət qurumlarının xidmətləri.
Bundan əlavə, nağd şəkildə 10 ildən az istismar müddəti olan M, N, O və G kateqoriyalı nəqliyyat vasitələri, eləcə də daşınmaz əmlak alınmayacaq. Qadağa həmçinin 25 milyon sumdan baha olan bütün mallara və xidmətlərə şamil ediləcək.
Özbəkistan hakimiyyəti 2030-cu ilə qədər ölkədə ticarət və xidmət sahəsində nağdsız ödənişlərin payını 75%-ə çatdırmağı planlaşdırır. Bu addımlar “kölgə iqtisadiyyatını” azaltmağa yönəlib.



