2026-cı ildən ictimai iaşə, pərakəndə ticarət, xidmət və mikro sahibkarlıq sahələrində bir sıra mühüm vergi yenilikləri tətbiq ediləcək. Dövlət Vergi Xidməti və iqtisadçı ekspertlərin izahlarına əsaslanaraq, bu dəyişikliklərin kimlərə və necə təsir edəcəyini sadə dildə təqdim edirik.
1. İaşə obyektlərində POS-terminal dövriyyəsinə vergi güzəşti
Gələn ildən ƏDV qeydiyyatında olan iaşə obyektlərinin POS-terminal vasitəsilə nağdsız ödənişlərdən əldə edilən dövriyyəsinin 50%-i 3 il müddətinə ƏDV bazasından çıxılacaq. Bu, həmin obyektlərin vergi yükünü ciddi şəkildə azaldacaq.
Hazırda oxşar güzəşt tibb müəssisələrinə tətbiq olunur.
Bununla yanaşı:
- Sadələşdirilmiş vergi ödəyicisi olan iaşə obyektlərində vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək.
Nümunə:
Aylıq dövriyyəsi 50 min manat olan və bunun 40 mini POS ödənişlərindən formalaşan bir iaşə obyekti üçün ƏDV yükü 6 000 manatdan 2 400 manata düşəcək.
2. ƏDV qeydiyyatına düşmək qaydası dəyişir
Son aylarda müzakirə olunan mövzulardan biri də ƏDV qeydiyyatının limiti ilə bağlı idi. Cəmiyyətdə limitin 200 min manatdan 400 min manata qaldırıldığı barədə fikir formalaşsa da, limit dəyişmir – 200 min manat olaraq qalır.
Lakin POS-terminalla edilən pərakəndə satış və əhaliyə xidmət dövriyyəsinə yeni 0,5 əmsal tətbiq ediləcək. Bu o deməkdir ki:
- Nağdsız POS ödənişlərinin yalnız yarısı ƏDV qeydiyyatı üçün lazım olan dövriyyəyə əlavə olunacaq,
- Nağd satış isə tam məbləğlə nəzərə alınacaq.
Bu dəyişiklik yalnız pərakəndə ticarət və əhaliyə xidmət sahələrini əhatə edir.
Nümunə:
250 min manatlıq dövriyyənin 180 min manatı POS, 70 min manatı nağd olduqda yeni qaydaya görə dövriyyə 160 min manat kimi sayılacaq və sahibkar ƏDV qeydiyyatına düşməyəcək.
Diqqət edilməli məqam: 2026-cı ildən tətbiq ediləcək bu qaydada yalnız həmin ilin POS dövriyyəsinə 0,5 əmsal tətbiq edilir. 2025-ci ilin POS dövriyyəsi tam məbləğlə nəzərə alınacaq.
Bu fərq bəzi sahibkarların dövriyyəsi 200 min manatı keçsə də, hələ də ƏDV qeydiyyatına düşməməsinə və ya əksinə, düşməsinə səbəb ola bilər.
3. Mikro sahibkarlıq statusu və 75% vergi güzəşti necə tətbiq edilir?
Sahibkarların tez-tez verdiyi suallardan biri də mikro sahibkarlıq subyekti hesab olunmaq meyarları ilə bağlıdır. Burada əsas anlaşılmazlıq ƏDV məbləğinin illik gəlirə daxil olub-olmaması ilə bağlıdır.
Nazirlər Kabinetinin qaydalarına əsasən:
- Mikro sahibkarlıq statusu üçün illik gəlir ƏDV-siz məbləğlə hesablanır.
- Yəni, malların və xidmətlərin ümumi dəyəri 200 min manatı keçsə belə, əgər ƏDV çıxıldıqdan sonra məbləğ 200 min manatdan aşağıdırsa, sahibkar mikro subyekt sayıla bilər.
Nümunə:
Təqdim edilən malların dəyəri 180 min manatdır, ƏDV 32 400 manatdır, ümumi satış 212 400 manat olsa da, illik gəlir 180 min manat hesab edildiyi üçün sahibkar mikro subyektdir.
Bu status sahibkara gəlir və mənfəət vergisinin 75% güzəştindən yararlanmaq imkanı yaradır.



