Bu çiplər süni intellekt modellərinin hazırlanması üçün vacibdir.
Bloomberg-in yazdığına görə, ABŞ prezidenti Donald Trampın sözlərinə əsasən, o, artıq bu qərar barədə Çin Sədri Si Cinpinə məlumat verib və Çin tərəfi “müsbət reaksiya” göstərib.
Çiplər yalnız “yoxlanılmış müştərilərə” və “milli təhlükəsizliyin qorunmasını təmin edən şərtlərlə” tədarük olunacaq. Intel və AMD də daha güclü prosessorların ixracı üçün icazə almaq hüququna sahib ola bilər.
Nəşrin qeyd etdiyi kimi, H200 prosessorları Çin istehsalı olan bütün analoqları üstələyir və məhz Çin üçün hazırlanmış “məhdudlaşdırılmış” H20 versiyasından da daha yüksək məhsuldarlığa malikdir.
Bu qərar daha inkişaf etmiş Blackwell və gələcək Rubin kimi modellərə şamil olunmur.
2022-ci ildə ABŞ hakimiyyəti həmin prosessorların hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıq səbəbindən Nvidia-nın qabaqcıl çiplərinin Çinə ixracını məhdudlaşdırmışdı. 2025-ci ilin aprelində Tramp administrasiyası Nvidia-nın H20 çiplərini Çinə tədarükünü tamamilə qadağan etmişdi.
2025-ci ilin avqustunda KİV-lər Nvidia və AMD-nin ABŞ hökuməti ilə razılaşma əldə etdiyini bildirmişdi: şirkətlər müəyyən çip modellərini Çində sata biləcəkdi, lakin satışlardan əldə olunan gəlirin 15%-ni ABŞ büdcəsinə ödəmək məcburiyyətində olacaqdı.
Buna cavab olaraq Çin hakimiyyəti bir sıra şirkətlərə Nvidia H20 və AMD MI308 çiplərindən imtina etməyə çağıran bildiriş göndərmişdi. İlk növbədə bu, dövlət müəssisələrinə və dövlət sifarişlərini yerinə yetirən özəl şirkətlərə aid idi.



