Azərbaycanda “Elektron ticarət haqqında” Qanunun yenilənməsi nəzərdə tutulur. Dəyişiklik layihəsi Milli Məclisin komitəsində müzakirəyə çıxarılıb. Hələlik söhbət qanun layihəsindən gedir.
Yayımlanan məlumatlara əsasən, əsas dəyişikliklər bunlardır:
1. Ödəniş üsulları aydın göstərilməlidir.
Satıcı alışın hansı üsullarla ödənilə bildiyi barədə məlumatı alıcılar və səlahiyyətli dövlət orqanları üçün əlçatan etməlidir. Buraya POS-terminal, elektron pul kisəsi və digər ödəniş vasitələri daxildir.
2. Nağdsız ödənişlərin kim vasitəsilə aparılacağı dəqiqləşdirilir.
Elektron ticarətdə nağdsız ödənişlərin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
3. Mobil cihaz da POS-terminal sayıla biləcək.
POS-terminal anlayışına ödəniş qəbul etmək üçün uyğun proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da daxil ediləcək.
4. Alışdan əvvəl verilən məlumatlar elektron formada təsdiqlənəcək.
Alıcıya sifarişdən əvvəl təqdim edilən məlumatların müqavilə bağlananadək elektron sənəd formasında çatdırılması nəzərdə tutulur.
5. Fərqli texnologiyalara bərabər yanaşılacaq.
Qanuna “texnoloji neytrallıq” prinsipi əlavə olunur. Sadə dillə desək, hüquqi tənzimləmə konkret bir texnologiyaya üstünlük verməməli və müxtəlif texnoloji həlləri bərabər qəbul etməlidir.
6. Qanunun tətbiq dairəsi genişləndiriləcək.
Qanunun yalnız ölkə daxilində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin götürülməsi təklif olunur. Sərhədlərarası əməliyyatlara konkret tətbiqi isə yekun hüquqi mətn əsasında qiymətləndirmək lazım gələcək.
Mənim qiymətləndirməmə görə, dəyişikliklərin əsas istiqaməti ödəniş qaydalarını müasir həllərə uyğunlaşdırmaq və alıcının alış şərtləri barədə daha aydın məlumat almasını təmin etməkdir.



