Bazarda yeni “müharibə” başlayır; onlayn yoxsa oflayn?

“Trendyol” və “Temu” kimi alış-veriş şirkətlərindən sonra Rusiyanın “Ozon” platforması da Azərbaycan bazarına daxil olub. Bu məsələ artıq yerli satıcıların narazılığına səbəb olub. Sözügedən şirkətlərdə qiymətlər münasib olsa da, məhsulların keyfiyyəti ilə bağlı neqativ nüanslar ortaya çıxır.

Maraqlıdır, adı hallanan şirkətlərin Azərbaycanda pay sahibi olması yerli bazarın inkişafına, yoxsa çöküşünə səbəb olacaq? Bundan əlavə, məhsulların keyfiyyəti nə yerdədir?

İqtisadçı-ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, bu məsələyə “pis” və ya “yaxşı” demək çətindir:

“Xarici şirkətlərin Azərbaycan bazarına daxil olması qaçılmaz bir reallıqdır. Belə platformalar bizim öyrəşdiyimiz ticarət məntəqələrini, mağazaları, marketləri yavaş-yavaş sıradan çıxarır.

Fikrimcə, haqqında danışdığımız tendensiya zamanla daha da intensivləşəcək. Əslində, belə platformalar nə qədər çox olarsa, inhisarçılıq da o qədər az olar. Təbii ki, bazarda pay sahiblərinin artması yerli satıcılara da mənfi təsir göstərəcək.

Yerli satıcı dedikdə söhbət xaricdən məhsul alıb Azərbaycanda satanlardan gedir. Ancaq istehlakçı məhsulu daha ucuz alacağı təqdirdə baha məhsulu seçə bilməz. Əsas odur ki, proses yerli istehsalçılara mənfi təsir göstərməsin. Söhbətini apardığımız məsələnin yerli istehsalçılara neqativ təsiri yoxdur. Kimsə öz məhsulunu istehsal edirsə, həmin şəxslərlə rəqabət aparılmır. Ümumən onu deyə bilərik ki, yerli istehsalın da vəziyyəti ürəkaçan deyil”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifariş edilən məhsulların keyfiyyətsiz çıxması ilə bağlı şikayətlər çoxdur:

“İstehlakçılar məhsulları müəyyən məsafədən aldıqları üçün əksər hallarda problem yaşayırlar. Reklamda göstərilən məhsul ilə göndərilənin fərqli olması, rəng və ölçülərin müxtəlifliyi şikayətlərə nümunədir. İstehlakçıların sifariş verdiyi məhsul onların tələbatını ödəmirsə, qaytarmaq və ya dəyişdirməkdə çətinlik çəkirlər. Halbuki, istehlakçı hüquqları ilə bağlı qanuna görə, 14 gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Bu məsələ ilə bağlı bəzən pullar batır, məhsul isə gəlmir. Bir sıra hallarda sifariş edilən texniki vasitələr istehlakçıya sıradan çıxmış vəziyyətdə çatdırılır. Nəticədə hansı tərəfin məhsula zərər vurduğunu sübut etmək olmur”.

Sədr qeyd edib ki, hazırda onlayn və klassik ticarət ciddi rəqabətdədir:

“İnsanlar onlayn ticarətə daha çox üstünlük verirlər, çünki çeşid çoxdur, qiymət aşağıdır. Klassik ticarət nümayəndələri isə onlayn ticarətə həddindən artıq çox qısqanclıqla reaksiya verirlər, bu ticarətin pozulmasını istəyirlər”.

E.Hüseynov əlavə edib ki, xarici şirkətlərin Azərbaycan bazarına daxil olması yaxşı haldır:

“Beləliklə, seçim çoxalacaq, qiymət isə azalacaq. Fikrimcə, dövlət bu məsələ ilə bağlı balanslaşdırılmış iş aparmalıdır ki, yerli, klassik ticarət tamamilə çökməsin. Sonda bu hal dövlət büdcəsinə ciddi zərbə vura bilər. Onlayn ticarət ilə bağlı şikayətləri müvafiq qurumlara yönəltdikdə bu işin öhdəsindən gələ bilmirlər, çünki alış-veriş məsafədən aparılır. Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar, adətən, metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman məhsula diqqətlə baxsınlar, iradları olduqları zaman dərhal geri qaytarsınlar”.

Mənbə: Oxu.az / Məhərrəm Əliyev

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI-ın süni intellekt telefonunun montajı Foxconn-a verildi

OpenAI-ın süni intellekt telefonunun montajı Foxconn-a verildi, cihazın 2027-2028-ci illərdə təqdim olunması gözlənilir.

Bitcoin ETF-lərindən çıxışlar artır: institusional maraq azalır

Bitcoin ETF-lərindən vəsait çıxışları artır və bu, institusional investorların kripto aktivlərə marağının azaldığını göstərir.

Sky-ın USDS stablecoin ehtiyatları 1,5 milyard dollar azaldı, həcm 35% düşdü

Qeyri-qanuni maliyyələşdirmə hesabatından sonra Sky protokolundan 1,5 milyard dollar çıxıb, USDS-in həcmi 35% azalıb.

Meta-nın Muse süni intellekt agenti istifadəçilərin şəxsi məlumatlarını qarışdırır

Meta-nın Muse adlı süni intellekt agentinin istifadəçi söhbətlərini qarışdırdığı və başqa şəxslərə aid bank məlumatlarını göstərdiyi bildirilir.

Binance kripto tarixində ən böyük oğurluğa qarşı 6,5 milyard dollarlıq qərar qazandı

Binance kripto tarixində ən böyük oğurluğun arxasındakı hakerlərə qarşı 6,5 milyard dollarlıq dondurma qərarı qazanıb və oğurlanmış aktivləri öz vəsaitləri ilə əvəz edib.
spot_img